Çağırışaqədərki hazırlıq fənni müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədilə təhsil müəssisələrində hərbi rəhbərlər tərəfindən tədris edilir. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları və idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Azərbaycan Respublikasının 18 yaşına çatmış və hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
Hərbi xidmətə çağırışın tələblərinə cavab verən kişi cinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən çağırışçının hərbi hissəyə göndərildiyi gün hərbi xidmətin başlanğıcı sayılır. Kursantlar üçün isə hərbi təhsil müəssisələrinə qəbul olunduqları gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçular həqiqi hərbi xidmətdə olan şəxslərdir.
Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
Müvafiq ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları da özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Silahlı Qüvvələrdə hərbi xidmətə qəbul edilirlər.