Hərbi qeydiyyat Silahlı Qüvvələrimizi şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır.
Çağırışaqədər yaş həddində olan vətəndaşlar - ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Çağırışçılar 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.
Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.
Hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlardır.
Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata düşməlidirlər. Onlar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.