Tibb və hüquq ixtisaslarına malik olan zabit və generalların hərbi rütbələrinə müvafiq olaraq tibb xidməti və ədliyyə sözləri əlavə edilir. (Tibb xidməti mayoru Əliyev)
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə ehtiyatda olan, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir. (Ehtiyatda olan mayor Vəliyev)
Gizir və miçman hərbi rütbələri gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilən ali təhsilli şəxslərə gizir, miçman, baş gizir, baş miçman rütbələri nəzərdə tutulmuş vəzifələrə təyin olunmuş kiçik gizir və kiçik miçmanlara verilir. Gizir və miçman heyəti hərbi rütbələrini vermək hüququna Silahlı Qüvvələrin növlərinin komandanları, onlara bərabər olanlar və onlardan yuxarı olan rəislər malikdir.
Kiçik leytenant hərbi rütbəsi müharibə dövründə ixtisar olunmuş tədris proqramı üzrə hərbi təhsil müəssisələrini və ya kiçik zabitlərin hazırlıq kurslarını bitirmiş hərbi qulluqçulara verilir.
Leytenant hərbi rütbəsi hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçulara verilir. Hərbi qulluqçular tutduqları vəzifəyə və rütbələrinə görə bir-biri ilə münasibətdə rəis və ya tabe olan deyillərsə, böyük və ya kiçik ola bilərlər.
Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir.
Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdirlər. Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər.