Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “təmasını” kəsməkdən ibarətdir. Bunu etmək mümkün deyilsə, qalın quru taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini quru taxta ilə kənara çəkmək, yaxud zərərçəkəni kənara itələmək lazımdır.
Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz! Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də zərər çəkməmək üçün onun bədəninin açıq yerlərinə toxunmayın!
Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal “təcili yardım” çağırın.
Təcili yardım xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarmaq, onu başının altına balış qoyulmadan yatağa uzatmaq (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın), üstünü isti adyal ilə örtmək, içməyə isti çay vermək lazımdır.
Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onu özünə gətirməyə çalışın. Bu məqsədlə üzünə soyuq su çiləmək, naşatır spirti damızdırılmış pambığı burnuna yaxınlaşdırmaq, pambığı sirkədə isladıb gicgahlarını sürtmək olar.
Əhali arasında elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki “çıxarmaq” üçün onu quma basdırmaq fikri çox kobud səhvdir və bu, zərərçəkənin ölməsinə səbəb ola bilər.