Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü adyalla örtmək, ona antihistamin, ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1 litr suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsə, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər.
Kimyəvi yanıqlar turşuların, qələvilərin, ağır metal duzların, yaxud digər kimyəvi aktiv birləşmələrin təsiri nəticəsində baş verən yanıqlar. (Şəkil 1)
"Termiki yanıqlar"a nisbətən kimyəvi yanıqlara daha az rast gəlinir (2,5-5,1% təşkil edir). Kimyəvi yanıqlar, adətən, güclü turşu və qələvi olan kimyəvi maddələrin təsirindən baş verir. Təmizləyici maddələr (evdə istifadə olunan ağardıcılar, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və s.) dərini asan zədələyə bilər. Termik yanıqlarında olduğu kimi, bu yanıqlarda da kimyəvi maddə nə qədər güclüdürsə və onunla təmas müddəti nə qədər çoxdursa, yanıq bir o qədər güclü ola bilər. Kimyəvi maddə dərinin üstündə qaldıqca yandırma davam edir. Ona görə də bu kimyəvi maddə bədəndən mümkün qədər tez xaric edilməlidir. (Şəkil 2)
Kimyəvi yanıqlar zamanı ilk yardım. İlk növbədə, zədələyici maddəni kənarlaşdırın. Zərərçəkənin paltarı kimyəvi maddəyə bulaşıbsa, onu tez çıxardın. Kimyəvi maddəni dəri səthindən təmizləyin. Kimyəvi maddə quru və ya toz halındadırsa, onu əlcək geyinilmiş əl ilə, əsgi parçası ilə təmizləyin və qalığını axar su altında yuyun.
Dərini vaxt itirmədən 1 saat ərzində çoxlu axar su ilə yuyun (fluorit turşusu ilə zədələnmə zamanı 3-5 saat yuyun). Yaranın yuyulması toxumalarda kimyəvi maddələrin dağıdıcı təsirini məhdudlaşdırır. Yuyulma zamanı məhlulun sağlam dəriyə düşməsinin qarşısını alın. Dəriyə və onun üzərindəki suluqlara toxunmayın (suluqları deşməyin). Yaranın üzərinə heç bir losyon, maz, antiseptik, buz və s. qoymayın. Daha sonra zərərçəkəni təcili olaraq xəstəxanaya çatdırın.