Bəzən sınıqlar arterial qanaxma ilə müşayiət olunur. İlk yardım göstərərkən birinci növbədə qanaxma kəsilməlidir. Ümumiyyətlə, sınıqlar zamanı ilk yardım sınmış sümüklərin hərəkətsizliyinin təmin olunmasına xidmət etməlidir.
Sınıq zamanı yardım göstərərkən, ilk əvvəl, sınığın növünü, dərəcəsini müəyyən etməli, xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır.
*Şina qoyularkən, hazır şinalardan istifadə etmək məsləhətdir. Lakin şina olmadıqda müxtəlif vasitələrdən - taxta parçası, karton hissəsi, metal lövhə, zərərçəkənin silahı və s. istifadə edilir.
Açıq sınıqlar zamanı qanaxma kəsilir, yara antiseptik maddələrlə təmizlənir, steril sarğı qoyulur və sonra paltarın üstündən şina qoyulur. Qapalı sınıqda sınıq nahiyəsinə hərəkətsiz vəziyyətdə şina qoyulur. Hər iki halda xəstəyə ağrıkəsici dərman verilir. Bütün hallarda xəstəni tez həkimə çatdırmaq lazımdır.
Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlanna yayılmasının qarşısını alır.
Bu zaman buzdan istifadə etmək olmaz, bu, travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin, digər yağlı maddələr və yumurta da sürtmək olmaz! Dəri su ilə soyudulduqdan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə islatmaq olar, o, ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır.