Qanaxmalar zamanı qoyulan sarğıya təzyiqedici sarğı deyilir.
Bint sarımağın qaydaları. Sarğını yaxşı qoymaq üçün praktikada təkmilləşmiş bint sarıma qaydalarına ciddi riayət etmək lazımdır. Binti sarıyarkən xəstənin vəziyyəti rahat olmalıdır. Bədənin bint sarınan hissəsi tamamilə hərəkətsiz olmalı və ona bint sarğısından sonra gözlənilən vəziyyət verilməlidir.
Bintin möhkəm sarınması üçün onun başcığı bədənin bintlə sarınan hissəsindən kənarda olmamalı, bint bunun üstündən sarınmalıdır. Bintin hər dövrəsi əvvəlki dövrənin yarısını və ya üçdə iki hissəsini örtməlidir. Bint sarğısını binti bərkitməklə tamamlayırlar. Bintin ucunu uzununa iki “quyruğa” cırıb və ya kəsib bint sarınmış ətrafa dolayaraq yaranın qarşı tərəfində bağlamaq olar. Bintin lap ucundan yox, 5-7 sm uzaqda cırmağa başlamaq və sonra axıra qədər parçalamaq yaxşıdır. Binti tikmək və ya onun ucunu sarğıya sancaqlayıb bərkitmək də olar.
Düzgün qoyulmuş sarğıda büküşlər, qırışlar olmamalı, bintin dövrələri sarğıdan ayrılmamalıdır.
Dairəvi sarğı. Biləyi, baldırın aşağı hissəsini bu üsulla bintlə sarımaq rahat olur. Binti dairəvi sarıyaraq hər bir qabaqkı dövrəni tamamilə örtürlər.