Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır!
Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Hətta güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır.
Kapilyar qanaxma xırda damarların (kapilyarlar) zədələnməsi nəticəsində baş verir.
Zəif dərəcədə olan kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur.
Burun qanaxması zamanı ilk olaraq xəstəni sakitləşdirib əyləşdirmək lazımdır. Qanı, mümkünsə, bir qaba yığmaq lazımdır, çünki bu, qan itkisi miqdarını müəyyən etməyə imkan verir. Xəstə başını geriyə əyməməlidir, əks təqdirdə, qan bütünlüklə udular. Əgər özünüzdə baş veribsə, bunun üçün sakit oturun. Selik və qanı xaric etmək üçün burnunuzu silin. On dəqiqə və ya qanaxma dayananadək burunu möhkəm sıxın. Əgər bununla qanaxma dayanmırsa, ən etibarlı vasitə buruna tampon qoyulmasıdır. Bu məqsədlə 3-5 sm enində steril tənzif, bint və ya uzun tənzif salfeti pinset vasitəsilə burun dəliyinə salırlar. Buruna salınan sonrakı bint qatı əvvəlki qata kip qoyulmalı və beləliklə, burun boşluğu tamponla tutulmalıdır. Yaxşı olar ki, tamponu əvvəlcə hidrogen-peroksidlə isladasınız. Vazelindən də istifadə etmək olar. Tamponu burundan qan dayandıqdan bir neçə saat sonra çıxarmaq və yaxud bütün sutka ərzində burunda saxlamaq olar.