Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Qanaxmanı saxlamaq üçün dərhal tədbirlər görülməlidir. Yaradan təxminən 5 sm yuxarıda olmaqla ətrafa qanaxmanı saxlayan sıxac qoymaq tələb olunur. Sıxacı ətrafa yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün olmadıqda qoymaq lazımdır!
Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan dartılmış sıxacı bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Sıxac düzgün qoyularsa, ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır. Eyni zamanda qoyulan sıxacdan aşağı hissədə ətraf damarlarında nəbz də yox olur. Sonda sıxacın kənarlarını bir-birinə bağlayırlar.
Ətrafa bağlanmış sıxacı yay aylarında 1 saat ərzində, qış aylarında isə 30 dəqiqədən artıq saxlamaq olmaz. Zərərçəkənin alnında, yanağında və ya əlində iri hərflərlə qələmlə (və ya bu kimi digər vasitələrlə) sıxacın dəqiq qoyulma vaxtını və “sıxac!” sözünü yazmaq lazımdır!
Qoyulan sıxacın üzərini örtmək olmaz. O, mütləq görünməlidir. Zərərçəkəni dərhal yaxındakı xəstəxanaya çatdırmaq lazımdır!
Qolda və ya ayaqda olan arterial qanaxmanı ətrafın sıx qatlanması ilə də dayandırmaq olar. Bunun üçün yara nahiyəsindən yuxarıda olan oynağı sıx şəkildə büküb bint və ya digər vasitələrlə bağlayırlar.
Yarada şüşə və ya hər hansı digər iti əşya gördükdə heç bir halda onu çıxarmağa cəhd etməyin! Bu zaman siz zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilərsiniz. Qanaxmanı saxlayaraq zərərçəkəni tez bir zamanda həkimə çatdırmaq lazımdır!
Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar.
Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur. Yaranı təmizlədikdən sonra (əvvəl təmiz su ilə, sonra hidrogen peroksidlə yuyulur) üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.