Həyat və fəaliyyətin hər sahəsində müəyyən rejim mövcuddur. Rejim insanın həyatının müəyyən olunmuş gündəliyidir, özündə əməyi, qidalanmanı, istirahəti və yuxunu birləşdirir.
Sağlam həyat tərzinin əsas tərkib hissələrindən biri rasional qidalanmadır. Gün ərzində 4 dəfədən az olmayaraq qida qəbul etmək tövsiyə edilir. Qidanın həzm olunması üçün təxminən 3 saat vaxt lazımdır. Ona görə də 3-4 saatdan bir qida qəbul etmək məsləhətdir. Çalışmaq lazımdır ki, qida hər gün eyni vaxtda qəbul olunsun.
İnsan orqanizmi müxtəlif maddələrdən təşkil olunmuşdur. Bunların arasında su, dəmir, maqnezium, kalium və kalsium çoxluq təşkil edir. Məsələn, baş beynin 80%, əzələlərin 76%, sümüyün 25%-ni su təşkil edir. Məhz buna görə də insana mineral duzlar və su çox lazımdır. Qidasız insan bir həftə, susuz isə sayılı günlər yaşaya bilir. Mineral duzlar ən vacib ərzaq məhsullarının: kələm, alma, süd və balığın tərkibində mövcuddur. Rasional qidalanma düzgün inkişafı, orqanizmin formalaşmasını təmin edir, sağlamlığın, iş qabiliyyətinin saxlanmasına və ömrün uzanmasına kömək edir.
Sağlam həyat tərzinin tərkib hissəsindən biri də zərərli vərdişlərlə mübarizədir.
Tütün. Qlobal olaraq, hər il 5,4 milyon insan tütün epidemiyasından vəfat edir. Bu göstərici, HİV / QİÇS, malyariya və vərəm xəstəliyindən həyatlarını itirən insanların sayından çoxdur. Avropadakı, ölümlərin 21%-ə qədəri siqaret çəkmək səbəbindən baş verir. Hər həftə orta hesabla 15 yaşda olan uşaqların 24%-i siqaret çəkir. Statistika göstərir ki, ciyər xərçəngi xəstəliyindən əziyyət çəkənlərin 90%-i siqaretdən çox istifadə edənlərdir.