Örtülü yarğan adamları işıq şüalanmasından tamamilə qoruyur, zərbə dalğasının təsirinin 2, 5-3 dəfə zəiflədir, nüfuzedici radiasiyanın və radioaktiv şüalanmanın (üst örtükdəki torpaq qatının qalınlığından asılı olaraq) təsirini isə 200-300 dəfə azaldır. Belə yarğan adamların paltarlarının və dərisinin səthinə ZM damcılarının, bakterial və yandırıcı maddələrin bilavasitə düşməsinin qarşısını alır. Lakin nəzərə almaq lazımdır ki, hətta üstü örtülü yarğan belə, ZM və bakterial vasitələrdən mühafizəni tamamilə təmin edə bilmir. Buna görə də belə halda əleyhqazlardan istifadə etmək lazımdır.
Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir. Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.
Bu siqnal ictimai yerlərdə eşidilərsə, yaxınlıqdakı sığınacağın və ya daldalanacağın yerini müəyyən edərək orada daldalanmaq lazımdır. Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı unutmayın.
Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir
Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.