Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 m2-dən, ümumi sahəsi 75 m2 -dən az olmamalıdır.
Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü, ən azı, 1,85 m olan binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.
Hər bir sığınacaqda, ən azı, iki giriş yolu olmalıdır. Tutumu 300 nəfərədək olan sığınacaqlarda 1 giriş düzəldilir, bu zaman İkinci giriş kimi qəza (köçürmə) çıxış yolundan istifadə edilməlidir.
Hər 25 adama 1 tualet olmalı, tullantıların çölə atılmasında ağzı bağlı qablar və plastik torbalar istifadə edilməlidir
Sığınacağa girərkən kifayət miqdarda qida və sağlamlıq vəsaitləri unudulmamalıdır.
Qeyri-sabitlik zamanı insanlar yaşayış yerlərinə yaxın olan sığınacaqların yerini bilməli və bu barədə məlumatlı olmalıdırlar. Bundan başqa, sığınacaqlarda su təchizatı, kanalizasiya, istilik və işıqlandırma sistemləri qurulur və telefon çəkilir. Burada olan əsas otaqlar skamya və yataq taxtları ilə təchiz olunur.
Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən mühafizəni daha etibarlı təmin edir. Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabiliyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır. Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir.