Pambıq-tənzif sarğı hazırlamaq üçün 50x100 sm ölçüsündə tənzif götürülür, masanın üzərinə sərilir. Üzərinə 30x20 sm ölçüsündə, qalınlığı 1-2 sm olan pambıq (pambıq yoxdursa, əvəzinə 5-6 qat tənzif istifadə edilə bilər) qoyulur. Tənzifin kənarlarını hər iki tərəfdən pambığın üstünə qatlayırlar. Kənarlarında 30-35 sm uzunluğunda yarıq kəsilir. Geyilmiş sarğı ağzı və burunu yaxşı bağlamalıdır. Gözlərin mühafizəsi üçün xüsusi eynək geyilməlidir.
Təcridedici tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri oksigenin həcmi az olduqda, eləcə də naməlum tərkibli zərərli maddələr zamanı istifadə olunur. Sıxılmış oksigenli təcridedici əleyhqazlarda qaz halında olan oksigen balonda yüksək təzyiq altında olur (КИП-8 (KİP-8), КИП-14 (KİP-14) və s.). КИП(KİP) üz hissəsindən, tənəffüs və oksigenötürən sistem və cod arxa çantadan ibarətdir. Qurğunun cod çantasında bərpaedici silindr, sıxılmış oksigen balonu, siqnal qurğusu yerləşdirilib. Cihaz oksigen ehtiyatına nəzarət üçün manometrlə təchiz edilib.