Bioloji silahın ilk tətbiqi faktı 1763-cü ildə hindu tayfalarına qarşı çiçək xəstəliyinin kütləvi yayılması hesab olunur. Amerikan müstəmləkəçiləri onların düşərgələrinə çiçək xəstəliyi törədən virus hopdurulmuş adyallar göndərdilər və hindular arasına çiçək epidemiyası yayıldı.
XX əsrin əvvəllərində biologiya elminin nailiyyətlərindən istifadə edərək bioloji silahın sistematik və məqsədyönlü işlənib hazırlanmasına başlandı. Birinci Dünya müharibəsi zamanı kimyəvi və bioloji silahın tətbiqi bütün dünyada etiraz dalğası ilə qarşılandı. 1935-1939-cu illərdə Yaponiyada bioloji silah hazırlamaq üçün xüsusi laboratoriyalar hazırlandı.
Bütün dünyanın mütərəqqi qüvvələrinin böyük qələbəsi 1972-ci ildə bioloji və toksiki silahların hazırlanması, istehsalı və toplanmasının qadağan olunması haqqında konvensiyanın qəbul edilməsi oldu. Buna baxmayaraq, silahlı konfliktlərdə qalib gəlmək üçün bioloji silahın tətbiqi aktual olaraq qalır.
1. Sizcə, ilk dəfə Yaponiyaya atılan atom bombası dünyada böyük güclər arasındakı münasibətlərə necə təsir etdi?
2. Nüvə silahı olan ölkələrin bütün strateji əhəmiyyəti olan şəhərlərində çoxsaylı yeraltı sığınacaqlar nə məqsədlə tikilib?
3. Hansı faktorlar kimyəvi silahın təsirinə məruz qalmış insanların müalicəsini və təbiətin bərpasını uzunmüddətli edir?
4. Zəhərləyici silahların, zəhərlərin, boğucu və öldürücü qatqıların qadağası haqqında bəyannamə və konvensiyalara münasibətinizi bildirin.