Radioaktiv zəhərlənmə. Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə tüstüyə və buxara bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. İri radioaktiv toz hissələri bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissələr isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə kilometr uzağa aparılır. Radioaktiv zəhərlənməni digər amillərdən fərqləndirən cəhət onun geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi, çətin aşkar olunmasıdır. Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur. Zəhərlənməni ancaq xüsusi dozaölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür. İnsanları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır
Elektromaqnit impulsu. Nüvə partlayışı anında ətrafa külli miqdarda qammakvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı əlaqəyə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və yeraltı rabitə, kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenlərində və s. qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir. Elektromaqnit impulsları xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur, radioelektron cihazları, yarımkeçirici və vakuum cihazlarını, kondensatorları da sıradan çıxarır. Bu cihazlarla işləyən insanlar da müxtəlif xəsarət alırlar. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə olunur.