Nüfuzedici radiasiya nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma şüaları və neytron selindən ibarətdir. Nüfuzedici radiasiya, tərkibindəki qamma şüalanma da nəzərə alınmaqla, nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə təsir edir. Lakin bu qısa müddət ərzində mühafizə edilməmiş insanlar şüa xəstəliyinə tutulurlar. Radiasiyanın təsiri ondan ibarətdir ki, qamma şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə orqanizmdə maddələr mübadiləsinin pozulmasına, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüalanmış şəxs bunu hiss etmir. Əlamətləri müəyyən müddətdən sonra üzə çıxır. Xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen (R), rad ölçü vahidləri ilə ölçülür. Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın 2,7 sm, betonun 10 sm, torpağın 14 sm, suyun 23 sm, ağacın 30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir. Bunlara yarımzəiflətmə qatı deyilir. Radiasiya dozasını üstüörtülü xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.