Yoluxucu xəstəliklərin törədiciləri mikroblardır (növləri: bakteriyalar, viruslar, riktersiyalar və göbələklər). Xəstəliklər aşağıdakı yollarla və vasitələrlə yayılırlar: tənəffüs orqanları vasitəsilə; yoluxmuş ərzaq məhsullarından və sudan istifadə edərkən; yoluxmuş əşyalara toxunarkən; xəstə adamlar və heyvanlarla təmasda olarkən və s.
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri
Epizootiya (yunan sözü olub epi “sıralarında”, zootiya “heyvan”) — eyni anda heyvanlar arasında yayılan infeksion xəstəliklər. Xəstəlik, əsasən, epidemiya halında yayıldıqda epizootiya kimi qeyd edilir. Zərərvericilərin geniş yayılması da xalq təsərrüfatına, xüsusən də meşə və kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni zamanda insanların məhvinə də gətirib çıxarır. Məsələn: son bir neçə ildə yayılmış quş qripi xəstəliyi bəzi yerlədə insanların məhvinə səbəb oldu. 2005-2010-cu illərdə quş qripi nəticəsində dünyada yüzlərlə adam məhv olmuşdu.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması
Epifotiya bitki xəstəliklərinin yayılmasından ibarətdir. Bu xəstəliklərə təbiətdə geniş rast gəlinir. Məsələn: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələk xəstəliyi və s. Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə edilməməsi nəticəsində də məhv ola və ya xəstəliklərə məruz qala bilər. İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.