• evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına
əmin olmadan onları yandırmayın;
• yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının
gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləyin;
• içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra
istifadə edin.
Qar uçqunu
Qar uçqunu dağların dik
yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir.
Qar uçqunu qorxusu olan yerlərdə əsas davranış qaydaları:
• qarlı və pis hava şəraitində dağlara çıxmayın;
• dağda olarkən havanın dəyişməsinə diqqət yetirin, uçqun ehtimalı
olan sahələrdən, dik yamaclardan kənar gəzin.
Qar uçqunu başlayıbsa:
• qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun
yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın
çıxıntısı altında gizlənin;
• uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər
əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb
bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Uçqun sizi yaxalayıbsa:
• nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf,
əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
• qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya
kənarına çıxmağa çalışın;
• axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla
döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
• uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada
olduğunu ağızdan axan seliyin istiqamətinə görə təyin etmək
olar);
• qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair
hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və
istiliyi azaldır.
• soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya
getməyin.
Qar uçqunu yaratmaq məqsədilə mütəxəssislər qar kütləsinin zəif
yerlərini və təsir növünü müəyyənləşdirirlər. Oranı atəşə tutur,
xüsusi minalar (mərmilər) partladaraq səs dalğaları yaradırlar.
Bəzən vertolyotların manevri nəticəsində əmələ gələn gurultu da
nəhəng qar kütləsini hərəkətə gətirə bilir.