Təyyarə su üzərinə qəza enişi edərsə:
• su üzərinə qəza enişindən əvvəl təyyarə bələdçiləri və ya heyət
üzvləri tərəfindən veriləcək təlimatlara əməl edin;
• sizə veriləcək jiletləri təlimata uyğun geyinin və enişə hazır
olun;
• təyyarəni tərk edənə kimi jiletləri hava ilə doldurmayın - qəza
çıxışları kiçik olduğu üçün bu, sizə mane ola bilər;
• suya endikdən sonra təlimatlara diqqətlə əməl edin və təşvişə
düşməyin;
• ehtiyac yaranarsa, təxliyyənin təmin olunmasında heyət üzvlərinə
kömək edin.
Su nəqliyyatında qəza
Su nəqliyyatında qəzalar və bədbəxt hadisələr güclü külək,
fırtına, duman, müxtəlif maneələrlə toqquşma, texniki nasazlıq və
digər səbəblərdən baş verə bilər. Açıq dənizdə fəlakətə uğramış
gəmi ekipajı və sərnişinlərin xilası üçün gəmidə müxtəlif
xilasedici vasitələr - xilasedici sallar, qayıqlar, hava ilə
doldurulan jiletlər, yaxalıqlar, halqalar, xilasedici kəmərlər və
s. olur. Onlardan təlimatlara uyğun istifadə edərək, su
nəqliyyatında qəzalar zamanı xilas ola bilərsiniz:
Gəmidə sərnişinə məsləhət görülür:
• gəminin təlimatları və qaydaları ilə tanış olmaq;
• gəmidəki şəxsi xilasetmə vasitələrindən istifadə etməyi, onların
harada saxlanılmasını bilmək;
• həyacan siqnallarına həssas
yanaşmaq;
• kayutlardan xilasetmə qayıqlarının yerləşdiyi yuxarı göyərtəyə
gedən yolu yadda saxlamaq (qəza, xüsusilə tüstülənmə və gəminin
əyilməsi zamanı istiqaməti təyin etmək çətin olur);
• yanğın gördükdə dərhal gəmi kapitanını, yaxud ekipaj üzvlərini
xəbərdar etmək və “112” qaynar xəttinə məlumat vermək;
• gəmini tərk edən zaman ekipaj üzvlərinin göstərişlərinə əməl
etmək (unutmayın ki, gəmini tərk etmək haqqında qərarı yalnız
kapitan verir);
• qəza zamanı, ilk növbədə, xilasedici jileti geyinmək.
Xilasedici jilet:
•
xilasedici jiletlər narıncı rəngdə olur;
•
gəmidə ekipaj üzvlərinə və sərnişinlərin hər birinə çatacaq qədər xilasedici jilet saxlanılır;
•
sərnişinlər üçün xilasedici jiletlər kayutda, rahat əlçatan və dəqiq işarə olunmuş yerlərə qoyulur;
•
jiletləri köməksiz olaraq ən geci 1 dəqiqə ərzində rahat geyinmək mümkündür;
•
özünüz jileti geyindikdən sonra uşaqlara onlar üçün nəzərdə tutulmuş xüsusi jiletləri geyindirə bilərsiniz.