Başlanğıc nöqtədə kompasla tələb olunan hərəkət istiqaməti müəyyən edilir, sonra bu istiqamətdə yerləşən aralıq oriyentir seçilir və kompasın əqrəbini əyləcə qoyaraq mümkün qədər düz xətt üzrə hərəkətə başlanılır. Aralıq oriyentirə çatdıqda yenidən kompasla hərəkət istiqaməti təyin edilir, növbəti aralıq oriyentir seçilir və ona doğru hərəkət davam etdirilir. Beləliklə, marşrutun birinci döngə nöqtəsinə qədər məsafə bu ardıcıllıqla qət edilir. Bu qayda ilə bütün aralıqlarda hərəkətlər təkrarlanır. Aralıq oriyentirlər görünmədikdə hərəkət istiqaməti kompasla saxlanılır. Hərəkət istiqamətini saxlamaq üçün həmçinin xətti oriyentirlərdən və izlərdən istifadə edilir.
Açıq ərazidə hərəkət istiqamətini düz saxlamaq üçün özündən arxada müəyyən intervallarla payalar basdıraraq qapayıcı xətt üsulundan istifadə etmək olar. Geridə buraxılmış nişanlara hərdənbir baxaraq hərəkət istiqamətini onlara görə tənzimləyirlər.
Əgər həmin marşrutla geriyə qayıtmaq zərurəti yaranarsa, onda bütün sahələr üzrə hərəkət istiqamətinin azimutunu tərs azimutlara çevirmək lazımdır. Geriyə yolu asan tapmaq üçün tək və daha çox diqqəti cəlb edən yerli obyektləri yadda saxlamaq, yaxud yolayrıcılarında, meşə mərzlərinin kəsişmələrində, kolluqlarda işarələr qoymaq lazımdır.
Marşrut üzrə hərəkət zamanı bəzi ərazi xüsusiyyətlərini nəzərə alaraq marşruta düzəlişlər etmək lazım gəlir:
Kompasla işləyərkən zirehli texnikalardan (tanklardan, piyadanın döyüş maşınlarından, zirehli transportyorlardan və s.) 50-60 m, radiostansiyalardan, mobil telefonlardan və s. 10-15 m aralı olmaq tövsiyə olunur. Bu məsafələr ərazinin relyefinə görə dəyişir.