Azimutla hərəkət üçün lazım olan məlumatlar (marşrutun dönmə nöqtələri arasındakı istiqamətlərin maqnit azimutları və məsafələr) böyükmiqyaslı topoqrafik xəritədən əldə edilir.
Marşrutun istiqamətləri ərazinin xarakterik formasından, oriyentirlərin sayından və qarşıdakı hərəkət şəraitindən asılıdır. Əsas məsələ tez bir zamanda təyin olunmuş rayona (obyektə) gətirib çıxara bilən marşrutun seçilməsidir. Eyni zamanda çalışmaq lazımdır ki, marşrutda döngələrin sayı az olsun. Marşrutun döngə nöqtələri ərazidə asanlıqla seçilən və yaddaqalan oriyentirlərin yanında nəzərdə tutulmalıdır(qülləvari tikililər, yolayrıcıları, körpülər, geodeziya məntəqələri və s.).
Oriyentirlər arasındakı məsafələr gündüz vaxtı piyada hərəkət üçün 1-2 km-dən artıq olmamalıdır. Gecə vaxtı hərəkət üçün məsafələr daha qısa, oriyentirlərin sayı daha çox olmalıdır.
Seçilmiş oriyentirlər dairə içinə alınır və düz xətlərlə birləşdirilir.
Oriyentirləri nömrələdikdən sonra onlar düz xətlərlə birləşdirilir. Hər xəttin qarşısında hərəkət üçün ilkin məlumatlar kəsr şəklində yazılır: surətdə - maqnit azimutu, məxrəcdə - məsafə. Əgər azimutla hərəkət piyada yerinə yetiriləcəksə, onda metrlər cüt addım sayına çevrilərək mötərizədə yazılır. Bundan sonra sxemdə şimal-cənub oxu və hərəkət zamanı istifadə oluna biləcək marşrut boyu və marşrutdan kənar əlavə və köməkçi oriyentirlər göstərilir.
Ərazidə, xüsusilə qapalı sahələrdə düz xətt üzrə hərəkətetmə bacarığı böyük əhəmiyyət kəsb edir. Açıq və yarıqapalı ərazilərdə bu məqsədlə uzaqdan yaxşı görünən oriyentirlərdən (qülləvari və tək tikililər, relyef formaları və s.) istifadə olunur. Yarıqapalı ərazidə oriyentirlərin gözdənitmə ehtimalını nəzərə alaraq göstərilmiş, yaxud seçilmiş oriyentirin (yerli obyektin) yanına dəqiq gəlib çatmaq üçün onunla başlanğıc nöqtə arasında yol boyu görünən oriyentir təyin edilir. Ona çatdıqdan sonra gedilən istiqamətdə yeni oriyentir seçilir. Belə oriyentirlərə aralıq oriyentirlər deyilir. Hərəkət istiqamətini həmçinin köməkçi oriyentirlər sayılan səma cisimlərinə görə - gündüzlər Günəşə, gecələr Aya və parlaq ulduzlara görə saxlamaq olar. Qapalı ərazidə uzunmüddətli hərəkət zamanı Günəşin və Ayın səmada saatda 15° yerlərini dəyişmələrini nəzərə almaq lazımdır. Hərəkət zamanı yaxşı seçilən yüksək dağ zirvələri də köməkçi oriyentir kimi istifadə oluna bilər.