Cəhətlərin təyinində ən çox tətbiq edilən cihaz kompasdır. İstənilən vaxt və hava şəraitindən asılı olmayaraq, kompasa görə cəhətlərin təyin olunması mümkündür.
Kompas iynə üzərində yerləşdirilmiş maqnit polad əqrəbdir, qalan hissələr qutu və şkaladan ibarətdir. Kompasın iynəsi mərkəzdə yerləşdirilmişdir. Şkalanın üzərində üfüqün cəhətləri və saat əqrəbi istiqamətində 0°-360°-dək bölgülər vardır.
Müasir cib telefonlarında cəhətlərin təyini üçün xüsusi (çox sadə) proqram mövcuddur.
Səmtlənmədə əsrlər boyu göy cisimlərindən geniş istifadə edilmişdir.
Günəşə görə cəhətlərin təyin olunması üçün günəşin çıxıb-batmasını müşahidə etmək lazımdır. Günorta günəş göy qübbəsinin cənub hissəsində olur, şərqdə çıxır, qərbdə batır. Əslində, günəş çıxmır və batmır. Bu, günəşin bizə görünən hərəkətidir.
Qeyd. Yalnız payız və yazda gecə-gündüz bərabər olan günlər günəş şərqdən çıxır, qərbdə batır.
Çubuğun kölgəsindən istifadə edərək üfüqün cəhətlərinin təyini
Uzunluğu 1 m olan çubuq yerə basdırılır. Çubuğun kölgəsinin ucu işarələnir. 10-15 dəq. gözlədikdən sonra yaranan ikinci kölgə nöqtəsinin ucu da işarələnir. Yaranmış iki işarə başqa çubuqla birləşdirilir. Biz çubuğa baxdığımız istiqamətin sağ tərəfi qərb, sol tərəfi isə şərq istiqamətini göstərəcək. Çünki kölgənin zolağı iki fərqli dövrdə Günəşin əks istiqamətini göstərir.