Bir şəxsi hər hansı istiqamətə yönləndirmək üçün, adətən, sağa, sola, irəliyə, geriyə kimi sözlərdən istifadə edilir. Hərb sahəsində isə dünyanın hər bir yerində başa düşülən 4 əsas cəhət: şimal, cənub, şərq, qərb (səmtləri) tətbiq edilir. Başlanğıc kimi, əsasən, şimal istiqaməti götürülür. Cəhətlərə uyğun olaraq dayanma nöqtəsinin və digər yer səthi obyektlərinin (oriyentirlərin), hərəkət istiqamətinin, düşmənin mövqeyinin, mühəndis qurğularının və s. vəziyyətini təyin etmək olar. Üfüqün cəhətlərini bilsək, oriyentirlərdən istifadə etməklə səmtlənməni reallaşdıra bilərik.
Oriyentirlər yerli obyektlərə, relyefin elementlərinə, hədəflərin vəziyyətinə görə seçilir. Oriyentir rənginə, formasına görə döyüşçülər tərəfindən asanlıqla müşahidə edilən olmalıdır. Onlar sahəvi (meşə, göl, bataqlıq), xətti (yollar, çaylar, kanallar, elektrik xətləri və s.), nöqtəli (qüllələr, dirəklər, zirvələr və s.) olmaqla döyüş zamanı çox dəyərli obyektlər sayılır.