Bu xüsusiyyətlər relyefin və bitki örtüyünün, eləcə də ərazidə müxtəlif təbii və süni sığınacaqların mövcudluğu ilə müəyyən edilir.
Ərazinin qoruyucu xüsusiyyətlərindən bacarıqla istifadə edilməsi müasir döyüşün təşkilinə qoyulan əsas tələblərdən biridir.
Səmtlənmə şəraiti cəhətlərə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin təyin edilməsini asanlaşdıran xüsusiyyətlərdir.
Müşahidə şəraiti düşmənin mövqeyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə edilməsinə yardım edən xüsusiyyətlərdir. Bu xüsusiyyətlər ərazinin görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir, relyefin, bitki örtüyünün, yaşayış məntəqələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən, eləcə də meteoroloji şəraitdən asılıdır.
Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar.
Maskalayıcı xüsusiyyətlər şəxsi heyətin və döyüş texnikasının mövqeyini və yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir.
Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün əlverişli şərait yaratmaqla yanaşı, həm də onların gizli hərəkət etməsinə və arxa cəbhə ilə əlaqə saxlamasına imkan yaradır.
Ərazinin maskalayıcı xüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava şəraitindən asılıdır. Belə ki enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası qar örtüyü fonunda asanlıqla seçilir.
Atəşaçma şəraiti atəş vasitələrinin düşməndən gizli olaraq yerləşdirilməsini, toplardan və atıcı silahlardan mümkün qədər uzaq məsafələrin atəşə tutulmasını təmin edən ərazi xüsusiyyətləridir.
Mühəndis təchizatı şəraiti torpağın tipindən, qrunt sularının səviyyəsindən, tikinti materiallarının mövcudluğundan, həmçinin təbii və süni daldalanacaqların, maneələrin xarakterindən asılıdır. Bir çox hallarda səngərlərin, xəndəklərin qazılması, şəxsi heyət və hərbi texnika üçün sığınacaqların tikilməsi zamanı görüləcək işlərin həcmi, əsasən, torpağın tipi və onun vəziyyəti ilə müəyyən edilir.