Az nəzərə çarpan məftil maneələr sənaye üsulu ilə qalınlığı 0,5-0,9 mm olan hamar məftildən hazırlanmış paket şəklində hərbi hissələrə göndərilir. Bir paketdən hündürlüyü 1,2 m, eni və uzunu 10 m olan maneə hazırlanır.
Tikanlı məftilin əraziyə səpələnməsi vaxtın olmaması və ya başqa maneələrin hazırlanmasına şərait olmadıqda tətbiq olunur. Səpələnmiş tikanlı məftilin hündür otlarda, kolluqlarda, bataqlıq ərazilərdə, meşədə, kötüklər arasında, eləcə də dağlıq ərazilərdə tətbiq olunması daha məqsədəuyğundur.
Məftil çəpərlər bir cərgə payacıqlarda 5 qat tikanlı məftil hörülməklə hazırlanır.
Tikanlı məftilli daşınan çəpərlər və kirpiciklər ağac karkaslarda hazırlanır və tikanlı məftillə hörülür, yollarda, səngərdə, maneələrdə keçidlərin bağlanmasında istifadə olunur.
Su maneələri ərazinin su ilə basılması və ya bataqlıqlaşdırılması ilə yaradılır. Onlar qoşunların manevr etməsini və su əngəllərindən keçmələrini çətinləşdirir.