Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi. Bu məqsədlə müsabiqə elan edildi. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin sovet Rusiyası tərəfindən işğal edilməsi Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul etdi. Qanuna əsasən Əhməd Cavadın sözlərinə 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi “Azərbaycan marşı” Azərbaycanın Dövlət Himni kimi təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.