Pulemyotdan atəş qısa (10 atışa qədər), uzun (30 atışa qədər), qatarlarla və fasiləsiz aparıla bilər. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250 patron olan patron qutusuna yığılmış metal lent vasitəsilə ötürülür.
ПKM (PKM) pulemyotunun avtomatik iş prinsipi avtomatda olduğu kimidir. O, Bolqarıstan, Çin, keçmiş Yuqoslaviya, Rumıniya, İran, Polşa və Macarıstanda istehsal olunurdu.
2012-ci ildə yerli mühəndislərimiz kəşfiyyat və Xüsusi Təyinatlı Qüvvələrimizin istifadəsi üçün HP-7.62 milli hücum pulemyotunu yaratdılar. Hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulmuşdur. HP-7.62 ölkəmizdə keçirilən “ADEX-2018” Beynəlxalq müdafiə sərgisində iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır.
HP-7.62 hücum pulemyotu unikal imkanlarına görə xarici analoqları, o cümlədən İsrailin “Negev NG7” və Belçikanın “FN Minimi 7.62 Mk.3” pulemyotu ilə rəqabət aparır.
İntensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilikyayıcı tətbiq olunmuşdur. Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb. Üzərində pikatinni qurğusu yerləşdirilib. Pulemyotun qundağının uzunluğu nizamlanır. Xüsusi quruluşlu patron qutusu yaradılıb. İkiayağı və dəstəyi özündə birləşdirən qurğu ilə təchiz edilmişdir.