Mərkəzi Asiyanın hündür dağlarından başlayan Amudərya və Sırdərya belə çaylardandır. Mülayim qurşaqdan axan çayların qidalanmasında həm yağış, həm də qar suları üstündür. Belə çaylar, adətən, yaz aylarında bolsulu olur. Buna səbəb həmin dövrdə yağışların çox yağması ilə bərabər, qarların da əriməsidir; məsələn, Volqa, Missisipi, Reyn, Yenisey, Lena və s. belə çaylardandır. Yeraltı sular və bataqlıqlarla qidalanan çayların səviyyə rejimi nisbətən
Çayın rejimi tənzimlənmiş və tənzimlənməmiş ola bilər. Çayların üzərində su anbarları tikməklə onlarda gursululuq dövründə suyun səviyyəsini xeyli aşağı salmaq mümkündür. Əgər çayın üzərində bəndlər və su anbarları varsa, bu çayların rejimi tənzimlənmiş rejim sayılır. Belə çaylar, adətən, insanların sıx məskunlaşdığı mülayim və subtropik qurşaqlarda yerləşir. Üzərində su anbarı inşa edilməyən çaylar isə tənzimlənməmiş və ya təbii rejimli çaylar sayılır.
Çayın rejimini qrafik formada göstərən sxem hidroqraf adlanır. Hidroqrafın köməyi ilə çayda suyun səviyyəsinin aylar üzrə dəyişməsini müşahidə etmək olar.
Çayın illik səviyyə rejimi 2 dövrə ayrılır: gursululuq dövrü və azsulu (qıtsulu) dövr. Gursululuq dövründə yağıntı və ərinti suları çoxalır və suyun səviyyəsi artır. Bu zaman su çayın dərəsinin subasar hissəsinə çatır. Gursululuq dövrü zamanı güclü yağışların düşməsi və ya havaların isti keçməsi nəticəsində dağ buzlaqları tez əriyərsə, çayda daşqın baş verər. Bu zaman suyun səviyyəsi çay dərəsindən çıxaraq ətraf əraziləri basır. Azsulu dövr yağıntıların ən az düşdüyü və ya heç düşmədiyi dövrə təsadüf edir. Bu zaman çayda su kəskin azalır, quraq ərazilərdən axan bəzi çaylar isə quruyur.