Çaylar təbiətdə həm dağıdıcı, həm də yaradıcı iş görür. Çayların dağıdıcı fəaliyyəti eroziya, yaradıcı işi isə akkumulyasiya adlanır. Hər bir çay öz axını boyu 3 hissəyə: yuxarı, orta və aşağı axına ayrılır. Çayların yuxarı axınında, yəni mənbəyə yaxın hissəsində eroziya prosesi (dib eroziyası) daha intensiv, aşağı axınında, yəni mənsəbə yaxın hissəsində isə zəif olur (yan eroziya), akkumulyasiya güclənir. Çay orta axında özünə çoxlu qollar qəbul edir və suyunun həcmi artır.
Akkumulyasiya və eroziya prosesləri nəticəsində çayların mənsəblərində delta və estuarilər yaranır. Çayın mənsəbində çoxlu qollara bölünərək gətirdiyi çöküntülərdən yaratdığı düzənlik delta (a) adlanır. Estuari (b) çay mənsəbinin dənizə doğru genişlənən və dərinləşən qıfvarı formasıdır. Burada çay bir qoldan ibarət olur, gətirdiyi süxurlar qabarma və dəniz cərəyanları vasitəsilə yuyulub aparılır. Nil, Volqa, Lena, Missisipi, Orinoko, Qanq çayları delta, Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Reyn çayları isə estuari yaradır. Bəzi çaylarda bunların hər ikisinə rast gəlinir: məsələn, Amazon, Yansızı və s. çaylar.
Eroziya bazisi | Çaylar |
Dünya okeanı səviyyəsində olanlar | |
Okean səviyyəsindən aşağıda yerləşənlər | |
Okean səviyyəsindən yuxarıda yerləşənlər |
Çaylarda suyun səviyyəsinin və su sərfi həcminin il ərzində dəyişməsi çayın rejimi adlanır.
Suyun səviyyəsinin dəyişməsi çayların qida mənbələrindən asılıdır. Onların qidalandığı mənbələr yağış, qar, yeraltı və buzlaq suları ola bilər. Çayların çox hissəsi qarışıq qidalanma tipinə malikdir. Lakin hər bir çayın qidasında bir əsas mənbə üstünlük təşkil edir; məsələn, başlanğıcını yüksək dağlıqdan götürən çayların əsas qidasını buzlaq suları təşkil edir və bu səbəbdən onlar yay aylarında bolsulu olur.