Hazırda temperaturun artması iqlimin qlobal istiləşməsinə səbəb
olur. Qlobal istiləşmə ilə əlaqədar olaraq qütb buzlaqları daha
sürətlə əriməyə başlamış, təbii fəlakətlərin intensivliyi
artmışdır. Karbon qazının atmosferə daxil olması prosesinin
yaxın onilliklərdə dayanması texniki səbəblər üzündən
qeyri-mümkündür. Bundan başqa, enerji istehlakı getdikcə artır.
BMT-nin proqnozlarına görə isə XXI əsrin sonuna orta illik
temperatur 4°C-yə qədər artacaq.
İqlim dəyişmələri problemlərinin həlli ilə bağlı fəaliyyətin
əsası 1979-cu ildə Cenevrədə keçirilmiş beynəlxalq iqlim
konfransında qoyulmuşdur. Hazırda bu problemlə əlaqədar olaraq
müntəzəm şəkildə beynəlxalq konfranslar keçirilir. Onların
məqsədi istixana qazlarının atmosferə daxil olmasının
azaldılması istiqamətində müxtəlif tədbirlər sistemini
işləyib-hazırlamaqdır. Bu problemin həllində enerjiyə qənaət
edən texnologiyaların inkişafının, bərpa olunan və tükənməyən
enerji mənbələrindən istifadənin böyük rolu ola bilər.