Kaynozoyun Neogen dövrünün sonu və IV dövrdə Yerin iqlimi soyumuş, buzlaşma başlanmışdır. Güman edilir ki, iqlimin soyumasına və buzlaşmaya səbəb Yerin xəyali oxunun orbit müstəvisinə nəzərən meyilliliyinin dəyişməsi olmuşdur.
Buzlaşma Avrasiya və Şimali Amerikanın orta enliklərə qədər olan ərazilərini əhatə etmişdir. Onun mərkəzi Şimal Buzlu okeanında və oradakı adalarda yerləşirdi. Təqribən 10–15 min il bundan əvvəl iqlim istiləşmiş və buzlaşma dövrü bitmişdir. Qədim buzlaşma təbii zonaların yerdəyişməsinə səbəb olmuş və bir çox relyef formaları əmələ gətirmişdir.
Yerdə iqlimin dəyişməsində antropogen təsirin rolu böyükdür. XX əsrin ikinci yarısında sənayenin güclü inkişafı və enerji mənbələrindən geniş istifadə iqlimin dəyişməsi ilə bağlı təhlükə yaratmışdır. Yerin iqliminə antropogen təsir əsasən aşağıdakı amillərlə bağlıdır:
Atmosferə atılan zərərli qazlar (karbon qazı, həmçinin metan, azot-oksidi və s.) Yer səthinə yaxın hissədə pərdə əmələ gətirir. Günəş şüalarının bir hissəsi Yer səthinin qızmasına sərf olunur, qalan hissəsi isə Yerdən qalxan istilik enerjisi ilə bərabər geriyə qayıdır. Lakin istixana qazları artıq istiliyi geriyə – kosmosa getməyə qoymur. Nəticədə bu istilik Yerdə qalaraq onun səthində temperaturu artırır. İstixana qazlarının 65%-ni karbon qazı təşkil edir. Onun atmosferdə çoxalması müxtəlif yanacaq növlərinin yandırılması ilə bağlıdır. Bu səbəbdən XX əsrdə Yer kürəsində orta illik temperatur 0,6°C artmışdır.