23
AZƏRBAYCANIN İQLİM
TİPLƏRİ
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər, a yağa qar, qar...
Aşıq Ələsgər
– Aşıq Ələsgər bu şeirində Azərbaycan iqliminin hansı
xüsusiyyətlərini təsvir etmişdir?
– Adları çəkilən ərazilər iqliminə görə necə fərqlənir?
Azərbaycanın ərazisi mülayim və subtropik iqlim qurşaqlarının
qovuşduğu sahədə yerləşir. Onun iqliminin formalaşmasına coğrafi
enliyin, relyefin və digər iqlim əmələ gətirən amillərin təsiri
böyükdür. Bu amillərin təsiri nəticəsində Azərbaycanın ərazisində
müxtəlif iqlim tipləri yaranmışdır. Hər bir iqlim tipi ilə
ərazinin yüksəkliyi arasında müəyyən əlaqə mövcuddur. Belə ki,
düzənliklərdən yüksək dağlığa doğru iqlim tipləri bir-birini əvəz
edir.
F Ə A L İ Y Y Ə T
1
Verilən iqlim diaqramlarını müqayisə edərək suallara cavab verin:
1. Hansı məntəqədə yay daha isti, qış isə daha soyuq keçir?
2. Hansı məntəqədə yağıntı ilin soyuq, hansında isti dövründə
düşür?
3. Hansı məntəqədə illik temperatur amplitudu daha çoxdur?
Müzakirə edin:
– Azərbaycanın dağlıq və düzənlik əraziləri iqliminə görə necə
fərqlənir?
Azərbaycan ərazisində iqlim tipləri 4 qrupda birləşir.
Yarımsəhra və quru çöl iqlimi –
ərazimizin 50%-dən çoxunu əhatə edir. Bu iqlim tipi Xəzər
sahillərindən 600–800 m mütləq hündürlüklərə qədər olan ərazilərdə
yayılmışdır. 2 yarımtipə bölünür:
1. Qışı mülayim, yayı isti, quraq keçən yarımsəhra və quru çöl
iqlimi (quru subtropik iqlim). İllik yağıntıları 200–400
mm-dir.
2. Qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl
iqlimi (kontinental iqlim). İllik yağıntıların miqdarı 300 mm-ə
qədərdir.
Mülayim-isti iqlim
– Xəzər dənizi sahillərindən hündürlüyü 1400 m-ə qədər olan
əraziləri əhatə edir. 3 yarımtipə bölünür:
3. Qışı quraq keçən mülayim-isti iqlim – yağıntıları, əsasən, ilin isti dövründə düşür.
4. Yayı quraq keçən mülayim-isti iqlim – yağıntıları, əsasən, ilin soyuq dövründə düşür.