Yerin iqlim qurşaqlarının formalaşması, əsasən,
coğrafi enlikdən asılı olaraq günəş şüalarının düşmə
bucağının dəyişməsi, səth örtüyünün xarakteri, atmosfer
dövranı və ya hava kütlələrinin hərəkəti ilə bağlıdır.
Bunlar əsas iqliməmələgətirən amillər sayılır. Əsas
iqlim qurşaqlarında ilboyu eyniadlı hava kütlələri hakim
olur. Keçid iqlim qurşaqlarının özünəməxsus hava
kütlələri olmadığından onlar fəsillər üzrə qonşu iqlim
qurşaqlarının hava kütlələrinin
təsirinə məruz qalır. Məsələn, subekvatorial qurşaqda yayda
ekvatorial, qışda tropik
hava kütlələri hakim olur. Bu səbəbdən burada yay isti və
rütubətli, qış isə isti və
quraq keçir (bax: sxem, səh.10).
İqlim qurşaqlarının formalaşmasında əsas amillərdən başqa, relyef, okeanlar və okean cərəyanları, dəniz səviyyəsindən hündürlüyün rolu da böyükdür. Bu amillərin təsiri ilə quruda böyük ərazi tutan iqlim qurşaqlarında kəskin iqlim fərqləri yaranır. Tropik, subtropik və mülayim iqlim qurşaqları daxilində iqlim fərqləri daha çox olduğundan onların daxilində müxtəlif iqlim tipləri və ya vilayətləri ayrılır.
Mülayim qurşaqda təbii şəraitin daha mürəkkəb olduğu Avrasiyada dörd iqlim tipi müşahidə edilir: 1) materikin qərbində Atlantik okeanı sahillərində ilboyu rütubətli mülayim dəniz iqlimi; 2) Xəzər dənizi və Ural dağlarına qədər olan ərazilərdə mülayim-kontinental iqlim; 3) iqlimin daha sərt olduğu Sibir və Mərkəzi Asiyada kontinental (kəskin kontinental) iqlim tipi; 4) Sakit okean sahillərində yayın rütubətli və sərin, qışın isə soyuq, nisbətən quraq olduğu musson iqlim tipi.