Ölkə ərazisində buxarlanma yağıntıların miqdarından və havanın temperaturundan asılı olaraq paylanmışdır. Yağıntıların çox düşdüyü dağlıq və dağətəyi ərazilərdə, Lənkəran ovalığı və Qanıx–Əyriçayda buxarlanma çoxdur. Quraq iqlimə malik olan düzənlik və bəzi dağətəyi zonalar isə (Acınohur–Ceyrançöl, Qobustan) buxarlanmanın az olması ilə seçilir.
Azərbaycan ərazisində illik mümkün buxarlanma göstəricisi 300–1400 mm arasında dəyişir. Gəncə–Qazax zonasında, Abşeronda, Kür-Araz ovalığında mümkün buxarlanmanın illik miqdarı 1000–1200 mm, Naxçıvanın Arazboyu düzənliklərində isə 1400 mm təşkil edir. Alçaq və orta dağlıq ərazilərdə mümkün buxarlanmanın kəmiyyəti 600–800 mm-ə, yüksək dağlıqda 300–400 mm-ə çatır.
Yağıntı və mümkün buxarlanmadan asılı olaraq rütubətlilik əmsalı da ərazi üzrə qeyri-bərabər paylanmışdır. Rütubətin yüksək, mümkün buxarlanmanın nisbətən az olduğu yüksək, orta və bəzi alçaq dağlıq ərazilərdə rütubətlilik əmsalı vahiddən böyük olur. Dağətəyi rayonlarda rütubətlilik əmsalı, əsasən, vahidə yaxındır. Bu ərazilərdə dəmyə əkinçiliyi, otlaq heyvandarlığı, turizm inkişaf etmişdir. Quraq rayonlarda isə mümkün buxarlanma düşən yağıntının miqdarından çox olduğu üçün rütubətlilik əmsalı vahiddən kiçikdir. Bu, əsasən, düzənlik əraziləri əhatə edir və burada suvarma əkinçiliyi, qış otlaqları üstünlük təşkil edir.
Ərazilər | Yağıntıların miqdarı | Mümkün buxarlanma | Rütubətlilik əmsalı |
Muğan düzü | |||
Baş Qafqazın yüksək dağlığı | |||
Gəncə–Qazax düzü | |||
Qarabağ dağları | |||
Şərur–Ordubad düzü |