Azərbaycanda temperatur şəraiti və günəşli saatların miqdarı enerji istehsalını artırmaq üçün geniş imkanlar açır. Ölkədə il ərzində 300 günəşli günün olması nəinki düzənlik ərazilərdə, hətta dağlıq rayonlarda da günəş enerjisi istehsal edən stansiyalar tikməyə imkan verir. Günəş energetikasının inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini həll edə bilər. Günəş stansiyaları İES-lər kimi havanı çirkləndirmir və istixana effekti yaratmır, lakin onların işləməsi atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılıdır.
Azərbaycanda artıq günəş enerjisindən istifadə edilməsinə başlanmışdır. 2012-ci ildə Sumqayıtda tikilən “Azgüntex” zavodunda günəş enerjisi ilə işləyən işıqlandırma sistemləri, günəş panelləri istehsal edilir. Son illərdə Qobustan, Pirallahı, Qaradağ, Suraxanı, Sumqayıt, Naxçıvan və digər yerlərdə günəş qurğuları tikilmişdir. İşğaldan azad edilmiş rayonlarda günəş enerjisinin əsas enerji mənbəyi kimi istifadəsi nəzərdə tutulmuşdur.
Ərazilər | Günəşli saatlar |
Qarabağ düzü | 2300 |
Mil düzü | 2400 |
Şirvan düzü | 2400 |
Abşeron | 2350 |
Dağətəyi və orta dağlıq ərazilər | 2000 |
Yüksək dağlıq ərazilər | 2400 |