Quru səthindən buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Yer səthinin hər sm2 sahəsinə ildə 1020 mm yağıntı düşür, buxarlanan suyun miqdarı da müvafiq olaraq eynidir. Yağıntıların miqdarı və buxarlanma kəmiyyəti hər yerdə eyni deyildir. Hər iki göstərici müxtəlif amillərin təsiri ilə ekvatordan qütblərə doğru dəyişir.
Havanın temperaturunun yüksək olmasına baxmayaraq buxarlanmanın miqdarı bəzən az ola bilər. Bu, əsasən, yağıntıların az olduğu ərazilərdə, məsələn, tropik səhralarda müşahidə olunur. Yəni bu səhralarda temperatur şəraiti 2000 mm-ə qədər suyu buxarlandırma qabiliyyətinə malikdir. Lakin bu ərazilərdə yağıntılar az olduğuna görə səthdən buxarlanan suyun faktik miqdarı çox azdır. Müəyyən temperatur şəraitində 1 sm2 səthdən maksimum buxarlana bilən suyun miqdarına mümkün buxarlanma və ya buxarlanma qabiliyyəti deyilir. Temperatur nə qədər yüksək olarsa, mümkün buxarlanma göstəricisi də bir o qədər çox olar.
Buxarlanmanın ən böyük qiyməti okeanların tropik enliklərində, ən kiçik qiyməti isə tropik səhralarda müşahidə edilir. Mümkün buxarlanmanın maksimum göstəricisi tropik səhralarda, minimum qiyməti isə qütbətrafı səhralarda qeyd olunmuşdur.
Mümkün buxarlanma 200 mm-ə qədər | Mümkün buxarlanma 200–1000 mm-ə qədər | Mümkün buxarlanma 1000 mm-dən yuxarı |