Təbiət elmlərinin təbii hadisə və proseslərə yanaşması
müxtəlifdir. Onların hər biri təbiət obyekti və ya hadisələrinin
yalnız bir xüsusiyyətini öyrənir. Coğrafiyanı bu elmlərdən
fərqləndirən əsas xüsusiyyət təbii hadisə və prosesləri kompleks
şəkildə və müəyyən məkan daxilində öyrənməsidir. Məsələn,
biologiya - bitki və heyvanların quruluşunu, coğrafiya isə onların
Yer kürəsində paylanmasını, astronomiya - Yeri səma cismi kimi,
coğrafiya isə Yerin kosmik fəzada hərəkətini, onun nəticələrinin
Yerdə təbii şəraitin formalaşmasına təsirini öyrənir.
Bu maraqlıdır!
Qədim yunan filosofu
Platon çoxüzlü həndəsi
fiqurları kainat, Yer
və təbiətlə
əlaqələndirirdi.
“PLATON FİQURLARI"
Tetraedr – od
Kub –
torpaq
Dodekaedr –
kainat
İkosaedr –
su
Oktaedr –
hava
Coğrafiyanın əsas sahələri olan fiziki və iqtisadi coğrafiya
bir-biri ilə qarşılıqlı əlaqədə olan elmlər sistemini əmələ
gətirir.
Coğrafiya elminin sahələri
Digər təbiət elmləri kimi coğrafiyanın da insanların həyatında
rolu böyükdür. Hər hansı layihənin həyata keçirilməsi – şəhərlərin
salınması, su anbarlarının tikilməsi, tunellərin çəkilməsi və s.
zamanı coğrafi biliklərə böyük ehtiyac duyulur. Müasir dövrdə
tələbatın böyük olduğu bir çox ixtisaslara yiyələnmək üçün coğrafi
bilikləri əldə etmək vacibdir. Məsələn, meteorologiya, turizm,
beynəlxalq münasibətlər, sosiologiya, politologiya, ekologiya,
biznes, marketinq və s. ixtisaslar coğrafiya ilə müxtəlif dərəcədə
bağlıdır.