Relyefin eroziyası nəticəsində yaranan çay dərələri formalarına görə bir-birindən kəskin fərqlənir. Yumşaq əhəngdaşı süxurlarını kəsib keçən çaylar kanyonvarı dərələr yaradır. Belə dərələr Böyük Qafqazın şimal-şərq yamaclarında daha çoxdur.
Bərk süxurlarda yaranan çay dərələri dərin, dar, çox hallarda isə V-şəkilli olur. Böyük və Kiçik Qafqazda, həmçinin Naxçıvanın yüksək dağlıq zonalarında belə dərələr geniş yayılmışdır. Gilli süxurları kəsən çay dərələri, adətən, geniş olmaqla yamaclarının nisbətən az meyilliliyi ilə fərqlənir və U-şəkilli dərələr adlanır. Belə dərələr respublikamızın alçaq dağlıq və düzənlik zonaları üçün daha səciyyəvidir.
Ölkəmizin bütün düzənlikləri akkumulyativ relyef formalarına malikdir. Dağətəyi düzənliklərdə, xüsusilə Qanıx-Əyriçay çökəkliyində, Şirvan düzündə, Gəncə-Qazax və Qarabağ düzənliklərində çayların yaratdığı yelpikvarı gətirmə konusları yayılmışdır. Kür-Araz ovalığında allüvial çay düzənlikləri, Lənkəran, Samur-Dəvəçi ovalıqlarında və Kür-Araz ovalığının Xəzərsahili ərazilərində dəniz dalğalarının fəaliyyəti nəticəsində abraziya düzənliklər yaranmışdır
Dağlıq ərazilərdə karst mağaralarına rast gəlinir. Onlar suda həllolan yumşaq əhəngdaşı, gips, dolomit süxurlarının yeraltı sularda həll olaraq boşluqlar əmələ gətirməsindən yaranır
Düzən rayonlarında insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar antropogen relyef adlandırılan süni relyef formaları – kanallar, kollektorlar və drenajlar, su anbarları, bəndlər, yollar və s. yaradılmışdır.