Dağ yamaclarında sukeçirməyən gilli süxurların üzərində
sukeçirən qumlu-çınqıllı laylar üst-üstə yerləşdikdə sürüşmə
baş verir. Ağırlıq qüvvəsinin təsiri ilə sukeçirən süxur layı
sukeçirməyən süxurların islanmış səthinin üzəri ilə aşağı sürüşür.
Sürüşmələr gur yağışlar və qarların əriməsi nəticəsində baş
verir. Seysmik hadisələr və təsərrüfat işləri zamanı bu proses
daha da fəallaşır. Bu hadisə yüksək dağların daha çox meyilliliyə
malik olan yamaclarında tez-tez baş verir. Sürüşmələr
əkin sahələrinə, yaşayış məntəqələrinə, yollara böyük ziyan
vurur. Onların qarşısını almaq üçün yamacbərkitmə işləri görülür, terraslaşdırma
aparılır, drenajlar vasitəsilə sürüşmə zonalarında toplanan yeraltı sular axıdılır,
çılpaq yamaclarda meşə və kolluqlar salınır.
Akkumulyasiya proseslərinin üstün olduğu ərazilər |
Denudasiya proseslərinin üstün olduğu ərazilər |
Sürüşmələrin yayıldığı ərazilər |
Quraq iqlimə malik ərazilərdə müvəqqəti axınların təsiri ilə yaranan relyef formaları arid-denudasiya relyefi adlanır. Bu relyef formaları gillərin və qumdaşlarının yayıldığı Ceyrançöl–Acınohur alçaq dağlığında, Abşeron–Qobustanda, Naxçıvanın orta dağlıq ərazilərində yayılmışdır. Arid-denudasiya relyef formalarına yarğanlar, qobular, bedlendlər aiddir. Yarğanlar – yağış və qar sularının süxurları yuması nəticəsində yaranan quru dərələrdir.
Qobu – yarğanın inkişafının son mərhələsində yaranan və dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Bedlend (ing. – “pis torpaqlar”) – səhra və yarımsəhra zonalarında gilli torpaqların külək və axar sular tərəfindən eroziyası nəticəsində yaranan əkinə yararsız ərazilərdir.