2. Sxemə və xəritəyə əsasən suallara cavab verin:

a. Xəritədə göstərilən regionun formalaşmasında sxemdə təsvir edilən prosesin rolu nədən ibarətdir?
b. Sxemdə göstərilən proses nəticəsində Alp-Himalay qurşağında, o cümlədən Azərbaycan
ərazisində hansı dəyişikliklərin baş verə biləcəyini proqnozlaşdırın.
3. Azərbaycanın geoloji xəritəsindən (səh. 56) istifadə edərək verilən ərazilərdən hansılarının arasında tektonik sınmaların olduğunu müəyyənləşdirin: 1. Şirvan düzü. 2. Qusar maili düzənliyi. 3. Ceyrançöl. 4. Qobustan. 5. Sədərək düzü. 6. Talış dağları. 7. Cənub-Şərqi Şirvan. 8. Gəncə–Qazax düzü. 9. Lənkəran ovalığı. 10. Dərələyəz silsiləsi. 11. Yan silsilə.12. Acınohur.
15
AZƏRBAYCANIN ENDOGEN RELYEF FORMALARI
Kosmosdan çəkilmiş şəklə əsasən Azərbaycanın relyefi haqqında suallara cavab verin:

– Azərbaycanın relyefinin müxtəlifliyi nə ilə əlaqədardır?
– Xəzər dənizinə doğru relyef necə dəyişir?
– Yaşayış məntəqələrinin yerləşməsi relyefdən necə asılıdır?

Azərbaycanın ərazisi relyef xüsusiyyətlərinə görə kəskin seçilən Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı, Arazboyu düzənliklərdən ibarətdir.

Böyük Qafqaz Taman yarımadasından (Rusiya) Abşeron yarımadasına qədər 1500 km məsafədə şimal-qərbdən cənub-şərqə doğru uzanır. Azərbaycan ərazisində onun yalnız cənub-şərq hissəsi yerləşir. Bu hissə Tinov-Rosso zirvəsindən başlayaraq yastı yayla və alçaq sualtı tirələrlə Xəzər dənizinə keçərək Türkmənistan sahillərinə qədər uzanır.

Böyük Qafqaz dağlarında əsas yeri Baş Qafqaz silsiləsi tutur. Həmin silsilənin Babadağ (3629 m) zirvəsinə qədər olan hissəsi kəskin parçalanmışdır, daha hündürdür və ən yüksək zirvələr (Bazardüzü, 4466 m) burada yerləşir. Babadağdan cənub-şərqə doğru silsilə tədricən alçalır, yamaclar hamarlanır. Bunun səbəbi həmin istiqamətdə dağəmələgəlmə prosesinin zəifləməsidir.