Hazırda Azərbaycanın yerləşdiyi Alp-Himalay geosinklinal qurşağında litosfer tavalarının hərəkəti davam etməkdədir. Bu hərəkətlərin nəticəsində tektonik qırılmalar əmələ gəlmiş, qalxmalar (dağlar) və enmələr (düzənliklər) baş vermişdir.
Azərbaycan fəal seysmik zonada yerləşir. Əsas zəlzələ zonaları Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı zonası), Kiçik Qafqazın Gəncə zonası və Naxçıvanda Qapıcıq zirvəsi ətrafıdır. Bu ərazilərdə zəlzələnin gücü 8–9 bala qədər olur. Kür-Araz ovalığı, Abşeron-Qobustan, Qusar maili düzənliyi, Talış dağları, Lənkəran ovalığı və s. ərazilər isə 7 ballıq zəlzələ zonasına daxildir. Son zamanlar İsmayıllıda, Ağdaşda, Abşeronda və Zaqatalada gücü 6–7 bala çatan zəlzələlər müşahidə edilmişdir.
Azərbaycanın ərazisində Paleozoyun əvvəlindən müasir dövrə qədər müxtəlif yaşlı və tərkibli çöküntülər yayılmışdır.
Azərbaycanda ən qədim süxurlar (400–450 mln. il) Paleozoy erasının kristallik şistləridir. Bu süxurlar Naxçıvanın Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunun Əsrikçay və Zəyəmçay hövzələrində üzə çıxır.
Mezozoy erasının (130–250 mln. il) çökmə və vulkanik süxurları Böyük və Kiçik Qafqaz dağlarında geniş sahə tutur. Yüksək dağlıq ərazilərdə Yura, orta dağlıqda isə Təbaşir dövrlərinin süxurları üstünlük təşkil edir.
Kaynozoy erasının çökmə süxurları Azərbaycan ərazisinin 4/5 hissəsini əhatə edir. Vaxtilə dəniz suları altında olmuş bütün ovalıq ərazilərdə IV dövrün, alçaq dağlıq və dağətəyi ərazilərdə isə Neogen dövrünün süxurları geniş yayılmışdır.
Dördüncü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavalar Qarabağ vulkanik yaylasında üstünlük təşkil edir. Püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlar yaratmışdır. Pəriçınqılı, Ayıçınqılı, Qırmızıdağ, Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya və s. sönmüş vulkanlar burada yerləşir. Naxçıvanın dağlıq ərazilərində və Talış dağlarında da vulkanik süxurlar üstünlük təşkil edir.
Azərbaycan ərazisində psevdovulkanlar (yalançı vulkanlar) adlanan palçıq vulkanları püskürür. Onların sayı 300-dən artıqdır. Ən böyükləri Torağay (400 m), Şıxzahirli, Axtarma-Paşalı, Qalmaz, Keyrəki, Otman-Bozdağ və s.-dir. Palçıq vulkanları, əsasən, çökmə süxurlarda 4–6 km dərinliklərdə yaranır. Bu vulkanlar püskürən zaman Yer səthinə qaynar gil-palçıq kütləsi – salza çıxır. Salza soyuduqdan sonra bərkiyirək brekçiyaya çevrilir. Ən çox neftli-qazlı sahələrdə müşahidə edilir. Palçıq vulkanları