Azimutal proyeksiyalar (e) üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrində paralellər - çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.
Çoxüzlü proyeksiyada (f) Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni, əsasən, topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta, təhriflər isə çox az olur.
Azərbaycanın xəritələri bərabərbucaqlı, konus və çoxüzlü proyeksiyalarda tərtib olunur.