Xəritədə təhriflərin ədədi qiymətini sıfıra endirmək mümkün deyil, lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu kartoqrafik proyeksiyaların köməyi ilə etmək mümkündür.
Kartoqrafik proyeksiyalar. Yerin kürə səthinin müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Yəni kartoqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müstəvi səthə köçürülür.
Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə üç qrupa ayrılır: bərabərbucaqlı, bərabərsahəli, ixtiyari.
Bərabərbucaqlı proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və ya bucaqlar, demək olar ki, təhrif edilmir, lakin sahə, məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. H.Merkatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.
Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir.