Günəşin Yerə təsiri nəticəsində qütb parıltısı hadisəsi də meydana gəlir. Qütb parıltısı günəş küləyinin elektrik yüklü hissəciklərinin Yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində əmələ gəlir. Bu hadisə, əsasən, maqnit qütblərı və onların ətrafında müşahidə edilir.
Maqnit sahəsi Günəşdə baş verən proseslər nəticəsində dəyişir. Bu proseslər həm də Yerdə canlı və cansız təbiətə güclü təsir göstərir. Maqnitosfer gözlə görünməsə də, bəzi canlılar onları hiss edə bilirlər. Köçəri quşlar onunla istiqaməti müəyyənləşdirərək öz yollarını tapırlar.
Yerin maqnit qütbləri sabit deyildir. Onlar vaxtaşırı yerlərini dəyişir və ildə 5–6 km şərqə və ya qərbə hərəkət edir. Alimlər hesab edirlər ki, bu yerdəyişmə Yerdəki bütün canlılara mənfi təsir göstərir. Fərziyyələrə görə, qütblərin yerdəyişməsi zamanı maqnit sahəsi yox ola bilər. Bu isə bəşəriyyət üçün təhlükə yaranması deməkdir. Alimlər dünya daşqınını, Atlantidanın yoxa çıxmasını, dinozavr və mamontların məhvini və digər hadisələri maqnit qütblərinin yerdəyişməsi ilə əlaqələndirirlər.