Açar sözlər
• maqnitosfer
• Günəş küləyi
• maqnit qasırğası
• qütb parıltısı
• maqnit qütbləri
• maqnit meridianları
• maqnit meyil bucağı
• ferromaqnit metallar
• maqnit anomaliyası
Maqnit sahəsinin köməyi ilə üfüqün cəhətləri təyin edilir. Bu isə
dəniz və hava nəqliyyatı vasitələrinin idarə olunmasında mühüm
əhəmiyyət kəsb edir. Yerin maqnit oxunun Yer səthi ilə kəsişdiyi
nöqtələrə maqnit qütbləri deyilir. Kompasın əqrəbi Yerin maqnit
qütblərinə tərəf istiqamətlənir. Şimal maqnit qütbü Kanada
Arktikasında 86° şm.e., 151° q.u.-da, cənub maqnit qütbü isə
Antarktidanın Hind okeanı sahillərində 64° c.e., 135° ş.u.-da
yerləşir (2022).
Əslində, şimal maqnit və şimal coğrafi
qütblərinin eyni yarımkürədə olması fikri coğrafiyada şərti olaraq
qəbul edilmişdir. Çünki fizika qanunlarına görə, şimal maqnit
qütbü Cənub yarımkürəsində, cənub maqnit qütbü isə Şimal
yarımkürəsində yerləşir. Bunun səbəbi maqnit qüvvə xətlərinin
Arktikada Yerin daxilinə yönəlməsi, Antarktidada isə bu xətlərin
Yer səthinə çıxmasıdır. Həm də eyniadlı qütblər bir-birini
itələdiyindən yanaşı yerləşə bilməz. Bu səbəbdən şimal maqnit
qütbünün Cənub yarımkürəsində olduğu güman edilir.
Şimal və cənub maqnit qütblərini birləşdirən xətlər maqnit
meridianları adlanır.
Maqnit meridianı coğrafi meridianla üst-üstə düşmür. Onlar
bir-biri ilə kəsişərək maqnit meyil bucağını əmələ gətirir. Yer
qabığını təşkil edən süxurlardan bəziləri cəzbetmə, yəni maqnitlik
xassəsinə malikdir. Belə metallara ferromaqnit metallar (dəmir,
nikel, titan, kobalt və s.) deyilir. Maqnit qütblərində və
ferromaqnit filizlərin olduğu ərazilərdə kompasın əqrəbi işləmir.
Bu hadisə maqnit anomaliyası adlanır.
F Ə A L İ Y Y Ə T
2
Cədvəli dəftərinizə çəkin. Yer qabığının quruluşu xəritəsindən
(səh. 50) istifadə edərək hansı ərazilərdə maqnit anomaliyalarının
olduğunu müəyyənləşdirin və cədvəli tamamlayın.
Materiklər |
Ölkələr və ya ərazilər |
|
|
Müzakirə edin:
– Maqnit anomaliyaları rayonlarını relyef xüsusiyyətinə görə necə
qruplaşdırmaq olar?
– Onların yerləşməsi hansı süxurlarla bağlıdır?
Bizim planet sistemində yeganə ulduz sayılan Günəş Yerdə canlı və
cansız təbiətin mövcud olmasına şərait yaradır. Günəşdə baş verən
bütün fiziki dəyişikliklərin məcmusuna Günəş fəallığı deyilir.
Günəşdən kosmik fəzaya fasiləsiz olaraq gələn ionlaşmış
hissəciklərin axını günəş küləyi adlanır. Günəş küləyi 3–4 gün
müddətinə, bəzən də daha tez Yer səthinə çatır.
Günəş küləyinin qasırğa şəklində Yer atmosferinə daxil olması və
Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində maqnit
qasırğaları yaranır. Maqnit qasırğaları bir neçə saatdan bir
neçə gün müddətinə qədər davam edir. Bəşəriyyət tarixində indiyə
qədər müşahidə olunan ən güclü maqnit qasırğası 1859-cu ildə baş
vermişdir. Alimlər maqnit qasırğalarını proqnozlaşdırır,
meteoroloqlar isə müntəzəm olaraq maqnit qasırğalarının baş
verəcəyi haqqında əhaliyə xəbərdarlıq edirlər.