Boru kəməri nəqliyyatı neft və təbii qazın hasilatının sürətlə artması, həmçinin hasilat və istehlak rayonlarının bir-birindən uzaqda olması ilə əlaqədar inkişaf etməyə başlamışdır. Ən uzun boru kəmərləri MDB ölkələrində, Kanada, ABŞ və Yaxın Şərq ölkələrində (Cənub-Qərbi Asiya) yerləşir. Aralıq dənizindən Əlcəzair– İtaliya, Əlcəzair–İspaniya qaz kəmərləri çəkilmişdir.
Dünya nəqliyyat sisteminin ən mühüm tərkib hissəsi dəniz nəqliyyatıdır (a). Beynəlxalq yükdaşımaların çox hissəsi bu nəqliyyat vasitəsilə həyata keçirilir. Dəniz yolları ilə, əsasən, neft və neft məhsulları, kömür, filiz, taxıl və s. daşınır. Dəniz daşınmalarını dəniz ticarət donanması həyata keçirir. Dəniz ticarət donanması ölkənin yük gəmilərinin məcmusuna deyilir. Dünya ticarət donanmasına inkişaf etməkdə olan ölkələr – Panama və Liberiya başçılıq edir. Buna səbəb əksər inkişaf etmiş ölkələrin bir az köhnəlmiş gəmilərinin öz ölkələrində yüksək vergi ödəmək istəmədikləri üçün Panama və Liberiya, həmçinin digər kasıb ölkələrin bayrağı altında (“ucuz bayraq”) üzməsidir. Bu yolla daşınan yüklər üçün alınan haqq fraxt adlanır.
Dəniz nəqliyyatında limanların rolu böyükdür. Dünyada 2,2 mindən çox dəniz limanı vardır. Onların arasında yük qabiliyyəti ildə 50 milyon tondan çox olan 50 ən böyük liman fərqlənir. Yük dövriyyəsinə görə dünyanın ən böyük limanları Asiyada (Sinqapur, Çin, Yaponiya), Avropada və ABŞ-da yerləşir.
Dəniz yük daşımalarında əsas yeri Atlantik okeanı tutur. Daşınan yüklərin yarısı bu okeanın payına düşür. Yaponiya, Çin, ABŞ-ın qərb rayonları və Avstraliyada yükdaşımaların artması ilə bağlı Sakit okeanın rolu getdikcə artır.
Dəniz nəqliyyatında kanalların da rolu böyükdür. Onlardan ən mühümləri Süveyş, Panama və Kil kanallarıdır. La-Manş, Cəbəlüttariq, Hörmüz, Malakka boğazları dəniz nəqliyyatında ən çox istifadə edilən boğazlardır.
Daxilində böyük çaylar və göllər olan inkişaf etmiş ölkələrdə daxili su nəqliyyatı inkişaf etmişdir. Avropada Reyn–Dunay çay sistemi, Rusiyada Volqa çayı – Baltik dənizi yolu, ABŞ-da Missisipi və Böyük göllər su sistemləri iri daxili su nəqliyyatı şəbəkələrini əmələ gətirir.
Hava nəqliyyatı ən gənc və dinamik nəqliyyat növüdür. Hava nəqliyyatında yükdaşımalara görə daha çox Şimali Amerika və Qərbi Avropa, ölkələr üzrə isə ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Çin və Fransa seçilir. Hava nəqliyyatının coğrafiyası hava limanlarının şəbəkəsi ilə müəyyən olunur. Dünyanın ən böyük hava limanları: ABŞ-da (Atlantada Hartsfild–Cekson; Çikaqoda O-Hara), Çində (Pekində Şoudu), Avropada (Londonda Hitrou, Frankfurtda Reyn-Mayn, Parisdə Şarl de- Qoll) və Yaponiyada (Tokioda Haneda) yerləşir. Qitələrarası sərnişin daşınmalarında hava nəqliyyatı birincidir. Hava xətlərinin ən böyük hissəsi Atlantik okeanı üzərindən keçir.