Nəqliyyat sistemi region və ölkələr üzrə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə nəqliyyat yüksək texniki səviyyəsi və sıxlığı ilə fərqlənir. Dünyada nəqliyyat yollarının uzunluğunun 70–80%-i bu ölkələrin payına düşür. Son onilliklərdə inkişaf etməkdə olan ölkələrin nəqliyyat sistemində müsbət dəyişikliklər baş versə də, onların çoxunda nəqliyyat iqtisadiyyatın geridə qalan sahəsi olaraq qalmaqdadır. Belə ölkələrdə nəqliyyatın bir və ya iki növü inkişaf etmişdir.
Avtomobil nəqliyyatı yaxın və orta məsafələrə sərnişin və yüklərin daşınmasında xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən də avtomobil yollarının uzunluğu ildənilə artır. Uzunluğuna görə bütün yolların yarısı ABŞ, Rusiya, Hindistan, Braziliya, Çin və Yaponiyanın payına düşür.
Dəmir yollarının uzunluğuna görə ABŞ, Çin, Rusiya, Hindistan, Kanada, Avstraliya fərqlənir. Avtomobil və dəmir yollarının sıxlığı Qərbi Avropa və Yaponiyada daha yüksəkdir. XXI əsrdə irimiqyaslı dəmir yolu layihələri həyata keçirilir. Uzunluğu 10 min km olan Böyük İpək yolu bərpa olunur (İstanbul–Bakı–Daşkənd–Pekin), Asiya– Sakit okean layihəsi isə hazırlanmışdır (Sinqapur–Banqkok–Pekin–Yakutsk–Berinq dənizi tuneli–Vankuver–San-Fransisko). Fransa və Yaponiyada yüksəksürətli qatarlar istehsal olunur və daxili sərnişin daşımalarında əsas yer tutur. Onların sürəti Fransada 585 km/saat, Yaponiyada isə 581 km/saat-a çatır. Ada ölkələrinin çoxunda, dağlıq relyefə malik ölkələrdə və inkişaf etməkdə olan ölkələrin bəzilərində dəmir yolları yoxdur.
Ölkələr | Dəmir yollarının uzunluğu, min km | Ölkələrin sahəsi (km2 ) |
ABŞ | 240 | 9,8 mln |
Çin | 150 | 9,6 mln |
Rusiya | 85 | 17,1 mln |
Hindistan | 68 | 3,3 mln |
Kanada | 49 | 9,98 mln |
Almaniya | 41 | 357 min |
Argentina | 37 | 2,8 mln |
Avstraliya | 33 | 7.7 mln |
Fransa | 29 | 544 min |
Yaponiya | 20 | 378 min |