Elmi-texniki inqilab digər sahələr kimi kənd təsərrüfatına da güclü təsir etmiş və bu sahədə “yaşıl inqilab”ın baş verməsinə səbəb olmuşdur. “Yaşıl inqilab” ETİ-nin təzahürlərindən biri olub kənd təsərrüfatının müasir aqrotexnika vasitəsilə yenilənməsi, yüksək məhsuldarlığa malik yeni bitki sortlarının, gübrələrin və s. kimyəvi maddələrin tətbiqidir. Əslində, ETİ-yə qədər bu yeniliklər artıq inkişaf etmiş ölkələrdə baş vermişdi. ETİ-dən sonra “yaşıl inqilab” Latın Amerikasının bir çox ölkələrində, Cənubi, Şərqi və Cənub-Şərqi Asiyada həyata keçirildi. Lakin bu yeniliklər yalnız plantasiya təsərrüfatlarında aparıldı, istehlak təsərrüfatları isə yenə də sadə alətlərin tətbiq edildiyi geridə qalmış təsərrüfatlar olaraq qalır.
Kənd təsərrüfatının əsas sahələri bitkiçilik və heyvandarlıqdır. Bitkiçiliyin yarıdan çoxu taxılçılığın payına düşür. Taxıl əkinlərinin (buğda, çəltik, qarğıdalı) yerləşməsi insanların sıx məskunlaşdığı ərazilərlə üst-üstə düşür. Buğdanın əsas ixracatçıları ABŞ, Kanada, Avstraliya, Argentina, Fransa və Rusiyadır.
Çəltik dünya əhalisinin yarısı üçün əsas qida sayılır. Çəltik istilik və rütubət sevən, həm də əməktutumlu bitkidir, əsasən, Asiyanın musson zonalarında becərilir. İldə iki dəfə məhsul verir və bu səbəbdən istehsal həcmi buğdanın istehsal həcminə yaxındır. Becərildiyi ölkələrdə daha çox istehlak edildiyi üçün dünya bazarına çəltiyin az hissəsi çıxarılır. Əsas ixracatçıları Cənub-Şərqi Asiya ölkələridir.