Vaxtilə yanacaq növləri arasında kömür əsas yeri tutsa da, hazırda neft və qaza nisbətən onun payı xeyli azalmışdır. Kömür, əsasən, hasilat rayonlarında istehlak edilir və az hissəsi ixrac olunur.
Dağ-mədən sənayesinin təsərrüfatın yerləşməsinə təsiri qalmaqdadır. Bu sahəyə dəmir filizi, boksit, mis, qalay, nikel və s. filizlərin hasilatı və saflaşdırılması daxildir. Qeyri-filiz faydalı qazıntıların hasilatı da (fosforit, kükürd, tikinti materialları və s.) dağ-mədən sənayesinə aiddir.
Son zamanlar mineral resurs ehtiyatlarının miqdarı azalmış və onların yaxın gələcəkdə tükənməsi problemi yaranmışdır. Buna görə mineral xammalın əsas idxalçıları olan inkişaf etmiş ölkələrin bəziləri resurslara qənaət etməklə öz tələbatlarını daxili ehtiyatlar hesabına ödəməyə çalışır. Bu ölkələrdən dağ-mədən sənayesində əsas yeri Kanada, Avstraliya və CAR tutur.
Əlvan metalların arasında alüminium əsas yer tutur. Alüminium boksit, alunit və nefelin xammalından alınır. Boksit hasilatı ilə emalı müxtəlif regionlarda yerləşir. Emal rayonları, əsasən, inkişaf etmiş ölkələrdədir. Bu isə çıxarılan boksitin tərkibində metalın çox olması və istehsalın enerjitutumluluğu olması ilə əlaqədardır. Dünyada ən böyük boksit hasilatı rayonu Avstraliyanın şimalında – York yarımadasında yerləşir.