Dünya ölkələri təsərrüfatın sahəvi quruluşuna görə 3 mərhələdən keçmişdir: aqrar, sənaye və postsənaye.
XVIII əsrin ikinci yarısına qədər dünya təsərrüfatı aqrar quruluşa malik olmuşdur. Bu dövrdə maddi istehsalın əsas mənbəyi kənd təsərrüfatı idi. Bəzi dünya ölkələrində hazırda bu təsərrüfat quruluşu qalmaqdadır. Onların iqtisadiyyatının əsasını yalnız bir və ya bir neçə kənd təsərrüfatı məhsulunun istehsalı təşkil edir. Belə ölkələrə monokultur ölkələr deyilir.
Sənaye inqilabından sonra maddi istehsalda sənaye məhsulunun həcmi artmaqla sənaye quruluşu dövrü başlandı. XVIII–XIX əsrlərdən ETİ-nin başlanmasına qədərki dövrdə Avropa və Şimali Amerikada sənaye quruluşu hakim olmuşdur.
ETİ dövründə xidmət və informasiya sektorları sürətlə inkişaf etməyə başladı. Qərb ölkələrində sənayedə istehsalın avtomatlaşdırılması ilə işçi qüvvəsinin maddi istehsal sektorundan xidmət sektoruna axını baş verdi və dünya təsərrüfatında xidmət sektorunun payı çoxaldı. Bu, postsənaye quruluşu adlanır. Postsənaye dövründə iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə – modernləşmə mərhələsinə qədəm qoydu. Modernləşmə maşın və avadanlıqların, texnoloji proseslərin müasir tələb və normalara uyğun yenilənməsidir.
Ölkələr | I sektor – kənd təsərrüfatı və hasilat (%) | II sektor – emal (sənaye, %) | III və IV sektorlar – xidmət sferası və informasiya, (%) | Təsərrüfatın sahəvi quruluşu |
Paraqvay | 45 | 25 | 30 | |
İtaliya | 2 | 28 | 70 | |
İndoneziya | 24 | 47 | 39 | |
ABŞ | 2,4 | 20 | 78,6 | |
Efiopiya | 41,4 | 15,6 | 43 | |
Almaniya | 0,7 | 30,7 | 68,6 | |
Myanma | 42,9 | 19,8 | 37,3 |
Təsərrüfatın ərazi quruluşu dedikdə əhalinin, istehsal sahələrinin, müəssisələrin və sənaye rayonlarının ərazi üzrə yerləşməsi başa düşülür. Onların ərazi üzrə qeyri-bərabər paylanması regionların iqtisadi inkişafında və nəticədə əhalinin həyat səviyyəsində ciddi fərqlərin meydana çıxmasına səbəb olur.